
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinin meri Brendon
Consonun və İllinoys ştatının qubernatoru C.B. Pritskerinin həbs
olunmasını tələb edib.
Trend-in
“Reuters”ə istinadən verdiyi məlumata görə, Tramp bu addımı onların
ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşlarını
qeyri-qanuni miqrantlara qarşı aparılan kampaniya zamanı
hücumlardan qoruya bilməmələri ilə əsaslandırıb.
O, sosial şəbəkə hesabında demokrat siyasətçiləri Çikaqoda
immiqrasiya xidməti əməkdaşlarının təhlükəsizliyini təmin etməməkdə
günahlandırıb.
Məlumata görə, Texas Milli Qvardiyasının yüzlərlə əsgəri
İllinoys ştatında, Çikaqo yaxınlığındakı hərbi bazada toplaşıb. Bu,
Pritsker, Conson və digər demokrat liderlərin etirazlarına
baxmayaraq baş verib.
Tramp, həmçinin ABŞ-nin digər şəhərlərində də hərbi qüvvələrin
yerləşdirilə biləcəyi ilə hədələyib.

