
Almaniya səfiri Peter Fişer Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin nasist Almaniyası ilə bağlı terminlərdən istifadəsindən narazılıq ifadə edib.
APA-nın yerli bürosu xəbər verir ki, diplomat “X” hesabında bunu mənəvi cəhətdən yanlış adlandırıb.
“Burada əvvəllər söylədiyimi təkrar edirəm: Almaniya nasist Almaniyası ilə bağlı tarixi, siyasi və mənəvi cəhətdən yanlış olan terminlərin və müqayisələrin istifadəsinə qarşıdır, çünki onlar qurbanların ləyaqətini alçaldır və yanlış təəssürat yaradır”, – P.Fişer yazıb.
Qeyd edək ki, İ.Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib ki, Avropa bürokratiyasından Gürcüstanla bağlı eşidilən yalanlar və bəyanatlar Gebbels təbliğatının davamıdır.

