Halal Biznes Forumu çərçivəsində İƏT Kiçik və Orta Biznes Şəbəkəsi yaradılıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Halal Biznes Forumu çərçivəsində İslam
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kiçik və Orta Biznes
Şəbəkəsinin təsis mərasimi və ilk iclası baş tutub.

Trend xəbər
verir ki, tədbirdə İƏT-ə üzv dövlətlərin KOB-lara dəstək və xidmət
göstərən qurumlarının və təşkilatlarının nümayəndələri iştirak
ediblər.

Şəbəkənin yaradılmasının məqsədi – İƏT çərçivəsində KOB-ları
dəstəkləyən strukturlar arasında əməkdaşlığın
gücləndirilməsidir.

Forumun İƏT KOB Şəbəkəsinin yaradılmasına həsr olunmuş ilk panel
sessiyasında üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri
KOB-ların dəstəklənməsi və onlara xidmət sahəsindəki təcrübələrini
bölüşüblər, həmçinin birgə fəaliyyət perspektivlərini müzakirə
ediblər.




İclasda Türkiyə (KOSGEB), Səudiyyə Ərəbistanı (MONSHAAT),
Mərakeş (“Morocco PME”), eləcə də İordaniya, Pakistan, Qırğızıstan,
Çad və Kot-d’İvuar nümayəndələri iştirak ediblər.

Panel zamanı Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) nümayəndələri ölkədə KOB-lara göstərilən dəstək
və xidmətlər, həmçinin milli kiçik və orta biznes ekosistemi barədə
məlumat veriblər.

Çıxış edənlər vurğulayıblar ki, KOB-lar bütün dünyada
iqtisadiyyatın hərəkətverici qüvvəsidir və iqtisadiyyatın və
məşğulluğun əhəmiyyətli hissəsini təşkil edir. Qeyd olunub ki, İƏT
ölkələrində şirkətlərin 99,9 faizini KOB-lar təşkil edir, onların
payına isə məşğulluğun 93 faizdən çoxu və əlavə dəyərin təxminən 85
faizi düşür.