
Bakı.Trend:
Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında 2025-ci il
üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Tbilisi şəhərində
hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin
işçi görüşü keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına
parkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə gül
dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmət və ehtiramla
anıb.
Sonra Şindisi Memorialı ziyarət olunub, Gürcüstanın qəhrəman
hərbçilərinin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik
Xidmətinin rəisi polkovnik-leytenant Elşən Həsənov Gürcüstan
Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun rəhbəri Luka
Mgeladze ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyində keçirilən görüşdə
kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsi, yeni perspektivlər və birgə layihələrin həyata
keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür
görüşlərin vacibliyi xüsusi vurğulanıb.
Görüşdən sonra David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə
Akademiyasını ziyarət edən Azərbaycan nümayəndə heyəti burada
informatika ixtisası üzrə təhsil alan kursantların tədris prosesini
izləyib.

