Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları
üzrə Müvəkkili Dmitri Lubinets ilə görüşüb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, görüşdə Səbinə Əliyeva
Azərbaycan və Ukrayna arasında bütün sahələrdə səmərəli əməkdaşlıq
əlaqələrinin, dostluq münasibətlərinin mövcud olduğunu
bildirib.

İki ölkənin ombudsman təsisatları arasında insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsindəki əməkdaşlıq əlaqələrindən
məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da inkişaf
etdirilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər müharibə şəraitində humanitar məsələlər, mülki
əhalinin, o cümlədən qaçqınların və məcburi köçkünlərin
hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə də fikir
mübadiləsi aparıblar.

Müvəkkil ölkəmizin uzun illər müharibədən əziyyət çəkdiyini,
məcburi köçkün və qaçqın probleminin uzun illər Azərbaycanda aktual
olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yüz
minlərlə insanın öz dədə-baba yurdundan didərgin salındığını
bildirib.

Ombudsman İkinci Qarabağ müharibəsi nəticəsində otuzillik işğala
son qoyularaq torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş
məcburi köçkün soydaşlarımızın hüquqlarının bərpa olunduğunu,
onların öz doğma torpaqlarına qayıdışı prosesinin həyata
keçirildiyini qeyd edib.

Eyni zamanda, qonağa Ombudsman tərəfindən İkinci Qarabağ
müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş
faktaraşdırıcı missiyalar, eləcə də həmin missiyaların nəticələrinə
əsaslanan hesabatlar barədə məlumat verilib.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri
Lubinets öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə
Əliyevaya minnətdarlığını bildirib, Ukraynaya humanitar dəstəyinə
və ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
dövlətinə təşəkkür edib.

Görüşdə, həmçinin insan hüquq və azadlıqlarının daha səmərəli
müdafiəsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə
olunub.