Bakı. Trend:
Xorvatiya və Azərbaycan iki tərəfdaş və dost kimi bütün
səviyyələrdə əməkdaşlıq əlaqələrin dərinləşdirilməsi üçün davamlı
olaraq yeni yollar axtarmalıdır. Bugünkü görüşdə biz bu məqsədə
sadiqliyimizi bir daha təsdiq etdik.
Trend xəbər
verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç
Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat
konfransında deyib.
“Biz parlament əməkdaşlığının daha da gücləndirilməsinə xüsusi
diqqət yetirmək istəyirik”, – deyə o vurğulayıb.
Parlament sədri əlavə edib ki, Azərbaycana bugünkü səfəri
Xorvatiya Parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar
atmağa hazır olduğunun təsdiqidir:
“Milli Məclisin Sədri və Mən parlament komitələrimizlə dostluq
qruplarımız arasında daha sıx əməkdaşlıq görmək arzusundayıq.
Biz bilirik ki, parlamentlərimizi birləşdirməklə biz həm də
xalqlarımızı və dolayısı ilə mədəniyyətlərimizi birləşdiririk”.
Q.Yandrokoviç bildirib ki, Milli Məclisin sədri Sahibə
Qafarovanı, Xorvatiyaya səfərə dəvət edib.
“Ümid edirəm ki, biz Xorvatiya və Azərbaycan arasında strateji
tərəfdaşlığı daha da inkişaf etdirməyə davam etmək üçün gələn ilin
əvvəlində onu qəbul etməkdən şərəf duyacağıq”, – deyə spiker
fikrini tamamlayıb.

