RİNN-də ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov
ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq
üzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib.

“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından
biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə,
öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.

Görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar,
nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf
perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə
ABŞ ilə tərəfdaşlığa böyük önəm verir.




Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldə
etdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlı
internetə tam çıxışın təmin olunması, “TİER III” səviyyəli data
mərkəzləri, SİMA yeni nəsil rəqəmsal imza həlli və “MyGov”
platforması Azərbaycanı “çox yüksək” elektron hökumət reytinqi olan
ölkələr sırasına çıxarıb.

ABŞ-nin aparıcı İT şirkətlərindən olan “Epam” ilə birgə “MyGov
Business” adlı yeni platforma üzərində əməkdaşlığa start verildiyi,
bu platformanın dövlət-biznes münasibətlərində vahid pəncərə
funksiyası daşıyacağı bildirilib.

Görüşdə “Lincoln” klubuna üzv şirkətlərlə B2B və B2G formatlarda
uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda
nümayəndəliklərinin açılması, insan kapitalının inkişaf
etdirilməsi, birgə investisiya qoyuluşu və müştərək vençur
fondların yaradılması imkanlarına dair geniş fikir mübadiləsi
aparılıb.