Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən sonra iki ölkənin münasibətlərində yeni bir mərhələnin başlandığını bildirib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
O, Türkiyə ilə ABŞ arasında dostluğun daha da möhkəmləndirildiyini vurğulayıb:
“Türkiyə ilə Amerika arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlıq mövcuddur. Bu münasibətləri daha da inkişaf etdirmək məqsədilə hər iki məsələ ABŞ-la müzakirə olunur və müsbət nəticələr gözləyirik. Donald Trampla apardığımız görüşdə bu istiqamətdə müsbət siqnallar aldıq. F-35 məsələsini açıq və aydın şəkildə gündəmə gətirdik”, – Ərdoğan bildirib.
Türkiyə lideri vurğulayıb ki, bu istiqamətdə konkret addımların atılması üçün lazım olan texniki görüşlər bütün səviyyələrdə aparılır.
“Ümid edirik ki, nəticədə həm F-35 məsələsi həll olunacaq, həm də CAATSA sanksiyalarının aradan qaldırılması təmin ediləcək”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

