
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “yaşıl” keçidi və kiçik
və orta biznesin (KOB) inkişafını dəstəkləyir.
Trend xəbər verir
ki, bunu AİB-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya
Durrani-Camal “Halal Business Forum” forumunda bəyan edib.
Onun sözlərinə görə, 58 il əvvəl əsası qoyulmuş və 69 üzv
dövləti birləşdirən AİB bütün Asiya regionunda Kiçik və Orta
Biznesin inkişafını aktiv şəkildə dəstəkləməyə davam edir və onları
milli iqtisadiyyatların dayağı sayır.
“Bu ifadə Azərbaycan üçün də keçərlidir. Mən burada 30
mütəxəssisdən ibarət bir komandaya rəhbərlik edirəm. Komandamız
özəl sektorun genişlənməsi və kiçik və orta biznesin dəstəklənməsi
üzərində çalışır”, -deyə Sunniya Durrani-Camal qeyd edib.
O vurğulayıb ki, bank Azərbaycan İqtisadiyyat Nazirliyi, Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər tərəfdaşlarla
sıx əməkdaşlıq edir ki, sahibkarların zəruri resurslara,
innovasiyalara və dayanıqlı inkişafa çıxışını təmin etsin.
“Biz fəaliyyətimizi yalnız maliyyələşdirmə ilə
məhdudlaşdırmırıq. Məqsədimiz biznesin potensialını inkişaf
etdirmək, dayanıqlı təcrübələri təşviq etmək və KOB-un çiçəklənə
biləcəyi şərait formalaşdırmaqdır. Tərəfdaşlarla birgə işləməklə
biz yeni iş yerlərinin yaradılmasına, inklüziv iqtisadi artıma və
icmaların uzunmüddətli rifahına töhfə veririk”, -deyə AİB
nümayəndəsi bildirib.
O əlavə edib ki, kiçik və orta biznes yalnız iqtisadi
fəaliyyətin deyil, həm də ekoloji dayanıqlığın təmin edilməsində
mühüm rol oynayır və onların prosesə cəlb olunması “yaşıl” keçidin
uğuru üçün son dərəcə vacibdir.
AİB direktoru əlavə edib ki, beynəlxalq və milli tərəfdaşlar, o
cümlədən Azərbaycan dövlət qurumları, biznesin ekoloji
transformasiyasını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlərin,
vergi güzəştlərinin və maliyyələşdirmə alətlərinin tətbiqi üzərində
fəal şəkildə çalışırlar.
“COP29 çərçivəsində əsas təşəbbüslərdən biri KOB-in ‘yaşıl’
keçidinə həsr olunmuş Bakı İqlim Koalisiyası oldu və burada KOBİA
mühüm rol oynadı. Qəbul edilən bəyannamədə tərəflər iki prioritet
üzrə razılığa gəldilər: KOB-in potensialının gücləndirilməsi və
biznesin ekoloji həllərə olan tələbatının stimullaşdırılması”,
-deyə Sunniya Durrani-Camal vurğulayıb.


