
Bakı.Trend:
Ölkə ərazisində sürüşmə sahələrinin dəqiqləşdirilməsi, onların
koordinatları və sərhədlərinin müəyyən olunması məqsədilə 2024-cü
ildən başlayan ərazi çalışmaları artıq başa çatıb.
Bunu Trend-ə
açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev
bildirib.
Hazırda 146 lokal sürüşmə sahəsi bütün parametrlər üzrə
dəqiqləşdirilib xəritələnərək normativ hüquqi sənədlərin
hazırlanması və dövlət orqanlarında təsdiqi üçün razılaşdırılması
mərhələsindədir.
O qeyd edib ki, xəritənin hazırlanması ölkə ərazisində baş verə
biləcək geoloji proseslərin operativ izlənməsi, təbii risklərin
qiymətləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması
baxımından mühüm əhəmiyyət daşıyır.
“Hazırda aparılan müşahidələrə əsasən, ölkə üzrə geoloji
proseslərin dinamikasında ciddi aktivləşmə qeydə alınmayıb. Yalnız
Lerik və Astara rayonlarında 2 kiçik lokal sahədə sürüşmə
prosesləri qeydə alınıb və aidiyyəti qurumlar tərəfindən müvafiq
tədbirlər həyata keçirilir”,- qurum rəsmisi əlavə edib.

