
Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sabir Əhmədov BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 6-da Cenevrə
şəhərində öz işinə başlamış 76-cı sessiyasında iştirak edir.
Trend xəbər
verir ki, sessiyada çıxış edən Sabir Əhmədov Ermənistanın
deportasiya və işğalçılıq siyasəti, bu siyasətin tarixi kökləri və
ağır nəticələri qaçqın və məcburi köçkünlərin üzləşdikləri
mərhumiyyətlər haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan
ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə beynəlxalq təşkilatların
qəbul etdiyi qərar və qətnamələri 30 ilə yaxın müddətdə yerinə
yetirməyib. Buna görə də Azərbaycan 2020-ci ildə 44 gün, 2023-cü
ildə isə 1 gün ərzində zəruri hərbi əməliyyatlar apararaq, özünün
ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməli
olub.
İşğalın ilk illərində Azərbaycanda qaçqınların və məcburi
köçkünlərin yerləşdirilməsinin, qida, tibbi yardım, sosial-məişət
ehtiyaclarının təmin edilməsinin böyük çətinliklər yaratdığı, amma
hökumətimizin öz imkanlarını maksimum dərəcədə səfərbər etdiyi,
həmçinin beynəlxalq təşkilatlardan yardım və dəstək aldığı diqqətə
çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur
obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi,
təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu
bildirilib.
Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə
olunmuş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri
qayıdışı üçün imkanların səfərbər edildiyi deyilib. Köçkünlüyün ilk
illərində olduğu kimi, geri qayıdış zamanı da bərpa-quruculuq
işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri
Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata
keçirir.
Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini
Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi,
əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də,
təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet
istiqaməti kimi müəyyənləşdirilib.
Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad
edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin
köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun
işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan
yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali
müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir
ali məktəb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi,
bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. İnfrastrukturun
bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və
iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının
artırılması üçün məqsədyönlü işlərin görülməsinin də həyata
keçirilən tədbirlər arasında mühüm yer tutduğu bildirilib.
Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri
əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının
hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş
ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini
tapacaq. Azərbaycan məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə
qayıdışının hərtərəfli düşünülmüş yeni, müasir modelini
yaradır.

