
Bakı. Trend:
Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025”
regional məhsul bayramı keçirilib. Tədbirdə milli yeməklər, kənd
təsərrüfatı məhsulları, əl işləri nümayiş etdirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, Azərbaycan İcmaları Konqresinin ilk dəfə olaraq
təşkil etdiyi “Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı”
adlı sərgidə Azərbaycan mətbəxinin nümunələri, milli geyimlər
təqdim olunub. Təşkilatın üzvləri Camal Nağıyev və Cəmilə Əliyeva
iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və turizm
imkanları barədə ətraflı məlumat veriblər.
Konqresin Qrodno şəhəri üzrə nümayəndəliyin rəhbəri Elxan
Bəylərov və Maksim Tank adına Belarus Dövlət Universitetinin
nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin rəhbəri Fuad İbrahimov tədbir iştirakçılarına Konqresin
sədri Natiq Bağırovun bayram təbriklərini çatdırıblar.
Çıxışçılar “Nar bayramı”nı Vileyka sakinləri ilə birgə qeyd
etməkdən məmnunluq duyduqlarını bildirib, məhsul yığımında zəhmətin
və əmək ənənələrinin əhəmiyyətini vurğulayıblar.
Sonda Konqres nümayəndələrinə Vileyka Rayon İcraiyyə Komitəsinin
sədri Anatoli Zavatskının adından mükafatlar təqdim olunub.

