
Qəbələ. Trend:
Yaxın perspektivdə biz Türkdilli Dövlətlərin Təşkilatı
çərçivəsində ticarət, sahibkarlıq və qarşılıqlı investisiyalar üçün
əlverişli şərait, hüquqi baza və infrastruktur təmin edəcək yeni
iqtisadi imkanlar məkanının yaradılmasının tərəfdarıyıq.
Trend xəbər verir
ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən
Türkdilli Dövlətlərin Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşündə deyib.
“Əməkdaşlığın davamlı inkişafı və konkret layihələrin, xüsusilə
Türk İnvestisiya Fondu çərçivəsində planların əlaqələndirilməsi
üçün Türkdilli dövlətlər arasında İqtisadi Tərəfdaşlıq üzrə Daimi
Şuranın yaradılmasının vaxtı çatıb”,- deyə o qeyd edib.
Prezident vurğulayıb ki, bu struktur iştirakçı ölkələrin Baş
nazir müavinləri tərəfindən idarə olunmalı və daimi əsasda
fəaliyyət göstərməlidir.
“Biz Şuranın layihə ofisinin Daşkənddə yerləşməsi üçün ərazi
təqdim etməyə hazırıq”,- deyə o əlavə edib.
“O cümlədən, Şura çərçivəsində bir sıra yeni təşəbbüsləri həyata
keçirmək olar. Məsələn, Türkdilli Dövlətlərin Sənaye Alyansının
yaradılması. Bu, maşınqayırma, mədən sənayesi, elektrotexnika,
neft-kimya, farmasevtika, yüngül sənaye, qida və tikinti
materialları istehsalı sahələrində şirkətlərin birgə layihələrinin
inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə
artırılmasına, texniki standartların yaxınlaşdırılmasına töhfə
verəcək”,- deyə Ş.Mirziyoyev izah edib.

