Qazaxıstan Prezidenti TDT çərçivəsində Kibertəhlükəsizlik Şurası yaratmağı təklif edib

Baş səhifə

Qəbələ. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri
Təşkilatı (TDT) çərçivəsində Kibertəhlükəsizlik Şurasının
yaradılması təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir
ki, o, bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Tokayev türk ölkələri arasında təhlükəsizlik sahəsində
əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib
ki, müasir dövrün çağırışları sistemli və kollektiv yanaşma tələb
edir.




“Türk Dövlətləri Təşkilatı çərçivəsində Kibertəhlükəsizlik
Şurasının yaradılmasını təklif edirəm”, – deyə prezident bildirib
və bu addımın region dövlətlərinin kibertəhdidlərə qarşı
dayanıqlığını artıracağına, həmçinin kritik infrastrukturun
mühafizəsini gücləndirəcəyinə diqqət çəkib.

Dövlət başçısı həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (CICA) türk dövlətləri məkanında
sabitliyin, təhlükəsizliyin və sülhün möhkəmlənməsindəki rolunu
yüksək qiymətləndirib.

“Azərbaycan tərəfinə və bütün türk ölkələrinə CICA-nın
tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinə verdikləri
dəstəyə görə təşəkkürümü bildirirəm. Türk dövlətlərini birləşdirən
ortaq məqsəd təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmə qarşı
mübarizədir və bu istiqamətdə biz səmərəli əməkdaşlıq qurmuşuq”, –
Tokayev vurğulayıb.