
Bakı. Trend:
Vətəndaşların təhlükəsiz və rahat hərəkətinin təmin olunması
məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Bakı Dairəvi
avtomobil yolunun köməkçi hissəsində təmir işləri aparılır.
Trend
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri yolun Məhəmməd Xiyabani küçəsi ilə
kəsişməsindən başlayaraq Moskva prospektinədək olan, ümumi uzunluğu
1580 metr təşkil edən hissəsini əhatə edir.
Qeyd edək ki, bir müddət əvvəl bu ərazidə kommunikasiya
xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılmış, ardınca
əks-dolğu işləri yerinə yetirilmiş və hamarlayıcı lay asfalt-beton
örtüyü döşənmişdir. Hazırda isə qazılmış hissənin mövcud
asfalt-beton örtüklə eyni səviyyəyə gətirilməsi məqsədilə aşınma
lay asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri görülür.
Təmir işlərinin 9 oktyabr saat 24:00-a dək tamamlanması
planlaşdırılır.
Sürücülərdən göstərilən yol sahəsində hərəkətdə olarkən diqqətli
olmaları, yol hərəkəti qaydalarına və quraşdırılmış müvəqqəti yol
nişanlarının tələblərinə ciddi şəkildə riayət etmələri xahiş
olunur.

