“Azərbaycan – müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

Baş səhifə

Bakı. Trend:

7 oktyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatında şəhid ailələrinin, veteranların,
tələbələrin, zabitlərin, ziyalıların iştirakı ilə “Azərbaycan –
müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans
keçirilib.

Trend xəbər
verir ki, konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi
qələbəyə diqqət çəkib, bu zəfərin hərbi önəmi ilə yanaşı,
iqtisadi-siaysi və mənəvi əhəmiyyətinə toxunub:

“Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qüvvələrimizin
44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, eləcə də, 2023-cü
ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük
hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu qələbələr
göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz ərazi
bütövlüyünü təmin etməyə, suverenliyini qorumağa qadirdir və heç
vaxt heç bir təzyiq qarşısında boyun əyməyəcək.

Azərbaycan dövləti müharibədən öncə olduğu kimi, post-müharibə
dönəmində də sülh səylərini aktiv şəkildə davam etdirdi. Prezident
İlham Əliyevin rəhbərliyi ilə diplomalarımızın apardığı sülh
uğrunda mübarizə cari ilin 8 avqust tarixində Vaşinqtonda
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin
paraflanması ilə yekunlaşdı. Dövlətimiz müharibədə olduğu kimi sülh
müstəvisində də qələbə çaldı, milli maraqlarını uğurla təmin etdi.
Azərbaycan mühribənin qalibi olmaqla yanaşı, həm də sülhün
müəllifinə çevrildi”.

Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin deputatı,
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
sədr müavini Nigar Arpadarai Azərbaycanın həm müharibə, həm də
diplomatik müstəvidəki uğurlarına diqqət çəkib. Millət vəkili
bildirib ki, hər iki platformada Prezident İlham Əliyevin
rəhbərliyi ilə əldə edilən zəfərlər dövlətimizin gücündən, onun
mübarizə əzmindən xəbər verir.

Müasir gəncliyin qalib gənclik olduğunu vurğulayan millət
vəkili, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın
yeni-yeni uğurlar əldə edəcəyindən əmin olduğunu bildirib.




Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor
Cəfər Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı
Qüvvələrimizin əldə etdiyi tarixi zəfərin önəminə toxunub, məhz bu
zəfər sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa
edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi şəhidləri
arasında ADPU-nun da məzunlarının olduğunu bildirən rektor,
şəhidlərin xatirəsinin əziz tutulduğunu, onların hər zaman hörmət
və ehtiramla yad edildiyini bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev də
çıxışında 44 günlük Vətən müharibəsindəki tarixi zəfərin
Azərbaycanın dünyadakı nüfuzunu artırdığını, dövlətimizin inkişafı
üçün yeni imkanlar və perspektivlər yaratdığını bildirib.

İcra başçısı qeyd edib ki, müasir dövrdə müharibə yalnız hərb
meydanında raketlərlə aparılmır. Həm də sosial şəbəkələrdə, digət
platformalarda aparılır. Buna görə də hər kəsin milli
maraqlarımızın müdafiəsində xüsusi fəallıq və ayıq-sayıqlıq
sərgiləməsi vacibdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, ehtiyatda
olan polkovnik Qabil Talıbov, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs
tələbəsi Ülvi Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə
fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi
Nəzrin Abdullayeva, 44 günlük Vətən müharibəsi veteranı Xəzər
Abdullayev də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20
sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası
əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyəti,
Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi
zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə
son qoyub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının tədris işləri üzrə müavini professor Əlikram
Abdullayev də konfransda iştirak edib.

Konfransın sonunda təhsildə fərqlənən tələbələrə Fəxri Fərmanlar
verilib, xatirə şəkli çəkilib.