
Qəbələ. Trend:
Türk dünyası – enerji təchizatı təhlükəsizliyinin təmin
olunmasında Macarıstanın əsas tərəfdaşlarındandır.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xarici
İşlər Nazirləri Şurasının toplantısında iştirak etmək üçün Qəbələdə
olan Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter
Siyarto öz sosial şəbəkə səhifəsində yazıb.
“Macarıstanda enerji təchizatının təhlükəsizliyini təmin etmək
və iqtisadi tənəzzülün qarşısını almaq üçün biz daim yeni enerji
mənbələrini cəlb edirik. Bu strateji missiyada türk dünyası bizim
əsas müttəfiqlərimizdən biridir”, – deyə o qeyd edib.
P. Siyarto xatırladıb ki, macar enerji şirkətləri Azərbaycanın
neft-qaz yataqlarının işlənməsi üzrə ən mühüm layihələrində pay
alıblar.
“Bu il Qazaxıstandan 600 min ton neft idxal edirik, Özbəkistanda
isə atom elektrik stansiyasının tikintisində macar
texnologiyalarından istifadə olunacaq.
Macar-türk enerji əməkdaşlığının daha da uğurlu olması üçün
səylərimizi davam etdirəcəyik”, – nazir əlavə edib.
Qeyd edək ki, bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.
İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə baş tutacaq 12-ci
sammiti çərçivəsində keçirilir.

