Bakı. Trend:
Azərbaycan elmi bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Trend xəbər
verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr
olunmuş tədbirdə deyib.
O bildirib ki, bu gün elmi nəticələrin innovasiyalara çevrilməsi
dövlətin əsas prioritetlərindən birinə çevrilib:
“Bu yubiley bir qurumun deyil, Azərbaycanın elmi, intelektual
düşüncələrinin bayramıdır. Elmin idarəetmə mexanizmləri hər gün
təkmilləşdirilir. Elmi fəaliyyətin innovasiyaya çevrilməsi,
elm–universitet–sənaye əməkdaşlığının gücləndirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident
İlham Əliyev sərəncamı ilə AMEA-nın strukturunda genişmiqyaslı
dəyişikliklərin aparılmasını və dövlət tərəfindən elmi fəaliyyətin
dəstəklənməsini tapşırıb.
Bu mühüm sənəddə akademiyada və ümumilikdə ölkəmizdə elmin
inkişafı, elmi fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların
hazırlanması istiqamətində mühüm qərarlar təsbit edilib”.
Rektor əlavə edib ki, AMEA elmin hərəkətverici qüvvəsidir:
“AMEA və BDU-nun tarixləri bir-birini tamamlayır. Onlar yeni
elmi nəslin formalaşmasına imkan yaradıb. Onlar ölkəmizin aparıcı
dayaqları, bir-birini tamamlayan ictimai tərəfdaşlardır”.

