Türk Dünyası Film Festivalında Azərbaycan filmləri mükafatlara layiq görülüb

Baş səhifə
Türk Dünyası Film Festivalında Azərbaycan filmləri mükafatlara layiq görülüb

Azərbaycanın bir neçə filmi müxtəlif nominasiyada mükafatlara layiq görülüb.

“Report” xəbər verir ki, mükafatlandırma Qazaxıstanın Aktau şəhərində 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində baş tutub.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi festival günləri ərzində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.

Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti baş tutub. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.

Bundan başqa, Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.

Festivalın sonuncu günündə təntənəli bağlanış mərasimi keçirilib. Yekun nəticələrinə əsasən, Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüb.

Belə ki, “Tağıyev: Neft” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı aktyor” nominasiyası, “Bəlkə də” bədii filmi Tammetrajlı film kateqoriyasında “Ən yaxşı ssenari” nominasiyası, “Nargin” bədii-sənədli filmi Sənədli film kateqoriyasında “İkinci yer” mükafatına layiq görülüb.