Azərbaycan və Ermənistan arasında sülh prosesi bütün regionun iqtisadi inkişafına ümid yaradır – Almaniya səfiri

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi təkcə
dayanıqlı sülhə deyil, eyni zamanda bütün regionun sabitliyi və
iqtisadi inkişafına ümid yaradır.

Trend xəbər verir
ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə
kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın
Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan
Konfransında deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Almaniya arasında əməkdaşlıq
daha da fəallaşır.

“Son aylarda əhəmiyyətli irəliləyiş və müsbət istiqamətdə
hərəkət müşahidə edirik. Təxminən bir il yarım əvvəl Almaniyanın
Şərq İqtisadi Komitəsinin rəhbəri Mixael Harmsın başçılıq etdiyi
böyük bir biznes nümayəndə heyəti Azərbaycanda olmuşdu. Heyətin
tərkibinə təxminən 50 şirkət daxil idi. O zaman onlar yalnız biznes
məqsədi ilə deyil, həm də bazarı öyrənmək, onun potensialını
anlamaq üçün gəlmişdilər. İndi isə gördüyüm kimi, tədbirin
iştirakçılarının əksəriyyəti buraya artıq konkret layihə və
niyyətlərlə gəliblər – bu isə çox müsbət haldır”, – deyə Horlemann
bildirib.