
Bakı. Trend:
TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair
Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam
etdirir.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat
yayıb.
Bildirilib ki, uşaqların icbari dispanserizasiyası çərçivəsində
cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərinin Yasamal,
Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai,
Qaradağ, Nizami və Xəzər rayonları üzrə 543 389 uşaq icbari
dispanserizasiya müayinələrinə cəlb olunub.
Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan
tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin orta
ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat
məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr,
həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq,
həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı
mütəxəssislər iştirak edib.
Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb
rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin
qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə
müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan
xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan
Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun
olaraq davam etdirilir.
İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən
məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının
məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış
həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər
il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr,
stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq,
otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən
diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində
mütəmadi şəkildə davam etdirilir.

