AzMİU və Holberton School arasında əməkdaşlıq genişlənir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və beynəlxalq
“Holberton School” şəbəkəsi arasında əməkdaşlıq daha da dərinləşir.
Bu məqsədlə “Holberton School”un baş icraçı direktoru (CEO) Florian
Bucher, “Holberton School Azerbaijan”ın rəhbəri Şəmsi Bayramzadə və
İnformasiya Texnologiyaları və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)
sektor müdiri Vüsalə Qurbanova AzMİU-da olublar və universitetin
rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

Görüşdə universitetin hər iki tərəfdən nümayəndələr də iştirak
ediblər. Tərəflər “Holberton School” şəbəkəsi ilə AzMİU arasında
mövcud əməkdaşlıq əlaqələrini müzakirə edib, gələcək birgə
layihələrin istiqamətlərini müəyyənləşdiriblər.

Rektor professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU
informasiya texnologiyaları yönümlü ixtisaslarda tədrisi dünya
standartlarına uyğunlaşdırmaq istiqamətində ardıcıl addımlar atır.
Vurğulanıb ki, tələbələr üçün nəzəri biliklərləə yanaşı, praktiki
təlimlərin təşkili onların əmək bazarına tam hazırlanmasına və
rəqabətədavamlı kadr kimi yetişməsinə xidmət edir.

Florian Bucher və Şəmsi Bayramzadə AzMİU ilə əməkdaşlıqdan
məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hazırda AzMİU-nun 25
tələbəsi “Holberton School Azerbaijan”da təhsil alır. Onlar
beynəlxalq proqram əsasında yüksək səviyyəli İT mütəxəssisləri kimi
yetişdirilir.

Vüsalə Qurbanova isə İRİA tərəfindən ali təhsil müəssisələrində
rəqəmsallaşma ilə bağlı aparılan işlərin diqqətlə izlənildiyini,
AzMİU-nun təşəbbüslərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd
edib.




AzMİU-nun İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin
direktoru Sərxan Talıbzadə və İnformasiya texnologiyaları və
sistemləri kafedrasının müdir müavini dosent Rəşad İsmibəyli çıxış
edərək bildiriblər ki, “Holberton School” şəbəkəsi ilə əməkdaşlıq
tədris imkanlarının genişləndirilməsi üçün əlverişli şərait
yaradır.

Görüş zamanı AzMİU ilə “Holberton School” arasında əməkdaşlığın
genişləndirilməsi, daha çox tələbənin bu layihəyə cəlb olunması və
AzMİU-nun İT ixtisaslarında dərs deyən müəllimlərin “Maşın öyrənmə”
və “Süni intellekt” üzrə “Holberton School” mütəxəssisləri
tərəfindən təlimlərə cəlb edilməsi istiqamətində fikir mübadiləsi
aparılıb.

Müzakirələr zamanı, həmçinin AzMİU-nun CODEX IT Akademiyası
çərçivəsində birgə fəaliyyətlərin uğurla həyata keçirildiyi
vurğulanıb. Qeyd olunub ki, AzMİU-nun İnformasiya-kommunikasiya
texnologiyaları mərkəzinin nəzdində yaradılan bu akademiya
universitet-sənaye əməkdaşlığının yeni mərhələsidir. “CODEX”
hazırda “Huawei”, “Holberton School Azerbaijan”, “İnnab” Peşəkar
Təlim Platforması və “Prosol” kibertəhlükəsizlik şirkəti ilə
əməkdaşlıq edir və tələbələrin beynəlxalq sertifikatlar qazanmasına
real imkan yaradır.

Sonda AzMİU və “Holberton School Azerbaijan” arasında əməkdaşlıq
memorandumu imzalanıb. Sənəd gələcəkdə birgə təlim proqramları və
innovativ İT layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar
yaradacaq.