
Bakı. Trend:
2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisinə tətbiq
edilən mövcud güzəştlərin qüvvədən düşməsi ilə bağlı gözlənilən
qərara dair qabaqcıl biznes nümayəndələrinin baxışları və biznesin
ümumi hazırlıq səviyyəsi nəzərə alınmaqla AmCham Azərbaycan
tərəfindən “Mövqe Sənədi” hazırlanmışdır.
Sənəddə məsələnin aktuallığı, biznes mühitinə və əmək bazarına
mümkün təsirləri geniş şəkildə təhlil edilmiş, nəticədə gəlir
vergisi və məcburi dövlət sosial sığorta haqları üzrə qüvvədə olan
müvəqqəti güzəştlərin mərhələli şəkildə ləğv edilməsi təklif
edilmişdir. Belə ki, bu yanaşma keçid dövründə işçi gəlirlərinə
mənfi təsirlərin minimuma endirilməsi və iqtisadi sabitliyin
qorunmasına imkan verərdi.
Eyni zamanda, “Mövqe Sənədi”ndə işçilərin xalis gəlirlərinin
qorunmasını təmin etmək məqsədilə işəgötürənlər üçün
stimullaşdırıcı mexanizmlərin tətbiqi, eləcə də uzunmüddətli
perspektivdə görülməli olan tədbirlərə dair təkliflər də öz əksini
tapmışdır.
AmCham Azərbaycan inanır ki, “Mövqe Sənədi”ndə irəli sürülmüş bu
təkliflərin reallaşdırılması sözügedən istiqamətdə vergi sistemində
tədrici və balanslaşdırılmış keçidi təmin etməklə yanaşı,
qeyri-neft sektorunda məşğulluğun və rəqabətliliyin qorunmasına
töhfə verəcəkdir.
“Mövqe Sənədi” ilə daha yaxından tanış olmaq üçün aşağıdakı
keçiddən istifadə edə bilərsiniz:
Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan
300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyası
kimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmiş
fəaliyyətini aktiv şəkildə davam etdirir.

