
Bakı. Trend:
Bu ilin 9 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika
müşahidə olunub.
Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq
orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra
edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək
göstəricilər qeydə alınıb.
Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət
büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da
doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz
üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin xətti ilə daxilolmalar 12 455,8 milyon manat təşkil
edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar
34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya
31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək
proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft
Fondundan transfert isə 10 860,7 milyon manat təşkil edərək
proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 748,0
milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət
büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən
daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3
faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24
668,2 milyon manat məbləğində icra edilib.

