
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar
Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Trend xəbər verir ki, söhbət
zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri,
həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi
dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək
vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk
dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini
verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının
12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil
edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək
səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və
strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da
genişlənməsi qeyd edildi.


