
Bakı. Trend:
Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə kommersiya
istifadəsinə verildiyi vaxtdan (2020-ci il dekabrın 31) etibarən
İtaliyaya 42,6 milyard kubmetr qaz nəql edilib.
Bu barədə Trend
TAP konsorsiumunun məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, təkcə bu ilin üçüncü rübündə İtaliya TAP
vasitəsilə 2,46 milyard kubmetr qaz alıb.
Kommersiya fəaliyyətinə başladığı vaxtdan bəri TAP Xəzər
dənizindən Avropaya təhlükəsiz şəkildə 50 milyard kubmetr qaz nəql
edib və 2024-cü ildə İtaliyanın qaz idxalının ümumi həcminin 16
faizinə cavab verib.
Enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməklə
yanaşı, TAP həmçinin qitənin, xüsusilə də Cənub-Şərqi Avropanın
karbonsuzlaşdırma prosesini dəstəkləyir və ardıcıl şəkildə öz
karbon izini azaldır. 2024-cü ildə TAP 2021-ci il LDAR proqramının
göstəriciləri ilə müqayisədə istixana qazı emissiyalarını 21 faiz,
metan tullantılarını 55 faiz, sızmaları isə 81 faiz azaldıb.
Bundan əlavə, TAP Avropanın enerji keçidinə dəstək verməyə davam
edəcək, hidrogen və biometan qarışıqlarının nəqlini təmin
edəcək.
2021-ci ildə keçirilmiş bazar testindən sonra işə salınan qaz
kəmərinin genişləndirilməsinin birinci mərhələsi 2026-cı ilin
yanvar ayından etibarən daha 1,2 milyard kubmetr nəql gücü əlavə
etməyə imkan verəcək. Hazırda aparılan yeni bazar testi isə bazar
marağı olduğu halda, gücün daha da artırılması üçün şərait yarada
bilər.

