
Bakı. Trend:
Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və
digər müvafiq inzibati hüquq pozmalarla bağlı 2025-ci ilin 3-cü
rübü ərzində ümumilikdə 7718 qərar qəbul
edilib.
Xidmətdən Trend-ə verilən məlumata görə, barəsində inzibati
qərar qəbul edilən əcnəbilərdən 3245 nəfəri Dövlət
Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı
keçirilmiş tədbirlər zamanı saxlanılıb.
Bildirilib ki, onların ölkə ərazisində olma və yaşama hüququ
verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan
edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz
əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə
yaşamadığı müəyyənləşdirilib.
Miqrasiya qanunvericiliyini pozan 429 əcnəbi
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə
məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının
qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin
olunub.
Bu dövr ərzində ölkədə tənzimlənməyən miqrasiyanın təşkilinə
dair 3 hal aşkar edilib. Aparılmış araşdırmalar
zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə
gətirilmələri, gəldikdən sonra onların qanunsuz yollarla ölkə
ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin
edilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən olunub. Həmin hallar
üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti
hüquq-mühafizə orqanlarına göndərilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən
tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam
etdirilir.

