Şavkat Mirziyoyev Azərbaycanda TDT sammitində iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də
Azərbaycanda işgüzar səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan prezidentinin
mətbuat xidməti bildirib.

Məlumata əsasən, Ş.Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT)
Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində
iştirak edəcək.

Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında
keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli
əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin
cari məsələləri daxildir.

“Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji,
nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə
praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək”, – deyə
qeyd olunub.

Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə
və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq
təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında
hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.