
Bakı. Trend:
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı
Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından
beş il ötür.
2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd
rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə
tutulub.
Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta
məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin
yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və
Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki
infrastruktura külli miqdarda ziyan dəyib.
Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri
tərəfindən Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biri
uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə
düşüb. Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi
beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq
dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından
etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı,
Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində
əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.
İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin
sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə
tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon
Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin
qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, üç nəfər isə
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütün
faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri
ilə cinayət işi başlanıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə
Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın
olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb,
ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat
vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı
aşkar edilib.
Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi
dövründə ümumilikdə üç dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan
Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz
qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda
yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə
külli miqdarda ziyan dəyib.

