Türkiyə Orta Dəhliz dəmir yolu xəttinin modernləşdirilməsinə hazırlıqlara başlayır

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi “Eastern Türkiye
Middle Corridor Railway Development Project” (ETMIC) və “Istanbul
North Rail Crossing Project “(INRAIL) adlı iki iri dəmir yolu
layihəsi üçün erkən bazar qarşılıqlı fəaliyyəti (Early Market
Engagement, EME) prosesinə start verdiyini elan edib.

Trend bu barədə
Asiya İnkişaf Bankına istinadən xəbər verir.

Məlumata görə, layihələr Dünya Bankı və digər beynəlxalq maliyyə
institutları tərəfindən maliyyələşdirilir. ETMIC layihəsinin ümumi
dəyəri təxminən 1,615 milyard ABŞ dolları, “INRAIL” layihəsinin isə
8,1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə ƏDV, gözlənilməz
xərclər, tikintiyə nəzarət və layihənin idarə olunması
daxildir.




“ETMIC layihəsi Türkiyənin Gürcüstanla sərhəddə Divriqi–Qars
dəhlizindən keçən Şərq dəmir yolu xəttinin modernləşdirilməsinə
yönəlib. Layihə çərçivəsində 587 km-lik dəmir yolu
infrastrukturunun bərpası, 667 km-lik xəttin tam
elektrikləşdirilməsi, körpülərin, tunellərin, stansiyaların və
təhlükəsizlik sistemlərinin əsaslı təmiri nəzərdə tutulur.

Modernləşdirmə zamanı yarımstansiyalar, 154 kV-luq enerji ötürmə
xətləri, müasir siqnalizasiya və telekommunikasiya sistemləri,
mərkəzi dispetçer idarəetmə sistemi, eləcə də 320 km-lik paylanmış
akustik monitorinq sistemi quraşdırılacaq. ETMIC layihəsi Orta
Dəhlizin strateji hissəsinə çevrilərək Gürcüstanla birbaşa əlaqəni
təmin edəcək və Xəzər, həmçinin Mərkəzi Asiya nəqliyyat
şəbəkələrinə qoşulmanı mümkün edəcək.

INRAIL layihəsi isə Boğaz üzərindəki Yavuz Sultan Səlim
körpüsündə mövcud dəmir yolu xəttindən istifadə etməklə, təxminən
125 km uzunluğunda alternativ İstanbul dəmir yolu keçidinin
tikintisini nəzərdə tutur. Xətt elektrikləşdiriləcək və sərnişin,
həm də yük daşımaları üçün tam siqnalizasiya sistemləri ilə təchiz
olunacaq. Bu xətt İstanbulun Avropa və Asiya tərəflərindəki hava
limanlarını ölkənin sürət qatarları şəbəkəsi ilə birləşdirəcək.
Sərnişin qatarları 160 km/saat, yük qatarları isə 80–120 km/saat
sürət yığa biləcək ki, bu da hava və dəmir yolu nəqliyyatının
inteqrasiyasını təmin edərək şəhərdə mobilliyi artıracaq.