Bakı. Trend:
Praqanın Vatslav Havel beynəlxalq hava limanında pilotsuz uçuş
aparatlarının buraxılacağı barədə telefonla verilən təhdiddən sonra
qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.
Trend-in
məlumatına görə, bunu “ČTK” agentliyinə açıqlamasında hava
limanının mətbuat katibi Denis Heytmankova bildirib.
Onun sözlərinə görə, polis anonim zənglə verilən xəbərdarlığı
araşdırır:
“Dronların yaxınlaşması ilə bağlı anonim təhlükə ilə əlaqədar polis
Praqanın Vatslav Havel hava limanında əməliyyat keçirir. Hava
limanı fəaliyyətini məhdudiyyətsiz davam etdirir”.
Məlumata əsasən, naməlum şəxs ingilis dilində zəng edərək hava
limanına doğru çoxsaylı dronların hərəkət etdiyini bildirib.
Hazırda hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik
tədbirlərini gücləndirib. Təhlükə təsdiqlənərsə, hava limanı
üzərindəki hava məkanı və ora aparan yollar dərhal bağlanacaq.

