Bakı. Trend:
Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlərin qarşı
tərəfin müraciətləri əsasında baş tutması ilk növbədə Azərbaycanın
beynəlxalq müstəvidə artan nüfuzunun bariz göstəricisidir. Bu, həm
Prezident İlham Əliyevin Avropada yüksək hörmət və etimad sahibinə
çevrildiyini, həm də ölkəmizin müsbət imicinin və strateji
əhəmiyyətinin getdikcə daha çox dəyərləndirildiyini
təsdiqləyir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli
deyib.
Millət vəkilinin sözlərinə görə, Kopenhagendə baş tutan bu
görüşlər Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu və
beynəlxalq münasibətlərdə mühüm aktor statusunu bir daha ortaya
qoyur.
E.Mirzəbəyli bildirib ki, Avropa Siyasi Birliyi platforması
əslində Avropa İttifaqı və ittifaqa üzv olmayan Avropa dövlətləri
arasında strateji əməkdaşlıq və siyasi dialoqu gücləndirmək
məqsədilə formalaşsa da, zamanla daha geniş təhlükəsizlik və
iqtisadi gündəmin müzakirə edildiyi mühüm format kimi qəbul
olunmağa başlayıb. Məhz bu səbəbdən Avropa Siyasi Birliyinin zirvə
toplantısında Azərbaycanın iştirakı ölkəmizin və onun liderinin
qlobal proseslərdə oynadığı mühüm tənzimləyici rolun göstərici kimi
qəbul oluna bilər.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin danimarkalı
həmkarı, Avropa Şurasının Prezidenti və digər yüksək səviyyəli
liderlərlə görüşləri protokol xarakterli görüşlərdən daha çox,
tərəflərin gələcək əməkdaşlıq planlarının aydın təsdiqi kimi
qiymətləndirilməlidir:
“Mühüm məqamlardan biri də odur ki, Avropa liderləri
Azərbaycanın regionda sülh və təhlükəsizlik sahəsində əldə etdiyi
uğurları xüsusi qeyd etməklə yanaşı, həm də enerji
təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya və rəqəmsal inteqrasiya
sahələrində strateji tərəfdaşlıq imkanlarına xüsusi önəm verirlər.
Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə
Avropanın təhlükəsizliyi və inkişafı üçün mühüm tərəfdaş kimi qəbul
edilməsinin sübutudur”.
Parlamentari əlavə edib ki, Zirvə çərçivəsində reallaşan mühüm
görüşlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistan baş naziri Nikol Paşinyanın görüşüdür:
“Tarixi razılaşmadan sonra ilk dəfə olaraq Avropa siyasi
gündəminin mərkəzində tərəflərin sülh prosesinə dair iradəsinin
nümayişi önəmli hadisədir. Bu görüş həm Azərbaycanın beynəlxalq
siyasətdə konstruktiv mövqeyini bir daha təsdiqləyir, həm də
Avropanın ölkəmizi sülhün əsas təşəbbüskarı kimi qəbul etdiyini
göstərir. Ermənistanla münasibətlərin normallaşdırılması
istiqamətində Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə artıq
Avropa üçün də nümunəvi model kimi təqdim olunur”.

Deputat əlavə edib ki, Azərbaycanın enerji resursları və
strateji tranzit imkanları da Avropa üçün alternativ və etibarlı
marşrutların təmin olunmasında həlledici əhəmiyyət daşıyır. Bu
çərçivədə Avropa Komissiyası və digər institutlarla aparılan
danışıqlar Global Gateway strategiyası daxilində Azərbaycanın
nəqliyyat və rəqəmsal inteqrasiya layihələrində önəmli rol
oynayacağını göstərir. Bununla yanaşı, Azərbaycanın artan tranzit
potensialı ölkəmizin beynəlxalq iqtisadi sistemdə daha güclü mövqe
qazanmasına şərait yaradır.
“Prezident İlham Əliyevin Kopenhagen səfəri Azərbaycanın
diplomatik manevr imkanlarının möhkəmləndirilməsi baxımından da
xüsusi əhəmiyyət daşıyır. Avropa liderlərinin ölkəmizə verdiyi
dəstək və yüksək qiymət Azərbaycanın gələcəkdə Avropa institutları
ilə daha geniş hüquqi və maliyyə əməkdaşlığına yol aça bilər.
Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvəsi
Azərbaycanın yalnız diplomatik uğuru deyil, həm də beynəlxalq
mövqeyini yeni geosiyasi reallıqlara uyğun şəkildə gücləndirməsinin
praktiki nümayişidir. Prezident İlham Əliyevin Kopenhagenə səfəri
Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq aləmdə təsdiqlənməsi
baxımından tarixi önəm daşıyır. Bu isə öz növbəsində ölkəmizin
gələcək xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi,
daxili inkişaf proqramlarının dəstəklənməsi və regional sabitlikdə
lider rolunun möhkəmlənməsi üçün yeni imkanlar yaradır”, – deyə
E.Mirzəbəyli fikrini yekunlaşdırıb.

