
Bakı. Trend:
Sektorun maliyyələşmə xərcləri artmaqdadır.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, ötən ilin
müvafiq dövrü ilə müqayisədə bank sektorunun faiz xərcləri 55 %
artaraq 854 milyon manat təşkil edib. Artımın 70%- ə yaxın
hissəsini depozitlər üzrə faiz xərcləri təşkil edir.
Məlumata görə, faiz xərcləri üzrə artımın 43%-ni müddətli
depozitlər üzrə, 22%-ni isə hüquqi şəxslərin tələbli depozitləri
üzrə maliyyələşmə xərci təşkil edib. Qeyd edilib ki, son dövrlər
banklarda daha dayanıqlı maliyyələşmə hesab olunan müddətli depozit
bazasının genişlənməsi, eyni zamanda əvvəlki dövrlərdə banklarda
faizsiz və ya aşağı faizlə depozit saxlayan hüquqi şəxslər üzrə
banklar tərəfindən daha yüksək faizlərin təklif olunması hüquqi
şəxslərin depozitləri üzrə faiz xərclərinin artmasına səbəb
olub.
Vurğulanıb ki, fiz xərclərinin artımı fonunda sektorun xalis
faiz spredi cüzi daralıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
bütün faizli maliyyələşmə mənbələrinin dəyəri 0.9 faiz bəndi
artaraq 5.7%-ə, aktivlərin gəlirliliyi isə 0.7 faiz bəndi artaraq
11.2%-ə çatıb. Nəticədə ötən ilin birinci yarımili ilə müqayisədə
faiz spredi 0.2 faiz bəndi daralıb.
Qeyd edilib ki, qeyri-faiz xərclərinin artımı fonunda bank
sektoru üzrə səmərəlilik göstəricisində geriləmə müşahidə edilib.
2024-cü ilin birinci yarımili ilə müqayisədə bankların qeyri-faiz
xərcləri 16% (203 milyon manat) artaraq 1.5 milyard manata çatıb.
Artımın əsas drayveri əmək haqqı və digər kompensasiya xərcləri (71
milyon manat) və haqq/komissiya xərcləri (87 milyon manat) olub.
Qeyri-faiz xərclərinin artım tempinin xalis faiz və qeyrifaiz
gəlirlərinin artım tempini üstələməsi fonunda sektorun səmərəlilik
göstəricisi4 2 faiz bəndi geriləyərək 52%-ə çatıb.

