Xaçmazda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil
İdarəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq
Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Trend
xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun
Əliyev, regionda çalışan qabaqcıl təhsil işçiləri və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi
önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl
işlərindən ibarət sərgiyə baxış keçirilib.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər
Əliyevin ölkəmizdə təhsilin inkişafı istiqamətində gördüyü işlərdən
və müəllimlərlə görüşlərindən bəhs edən film nümayiş etdirilib.

Çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik edərək, onlara
xoş arzularını çatdırıb, çətin və eyni zamanda şərəfli işlərində
uğurlar arzulayıb.




O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün də uğurla davam
etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks
tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əldə olunan
uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli
qayğısının nəticəsidir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev
çıxışında xalqımızın milli təfəkküründə müəllim adının hər zaman
ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu
bildirib.

Digər çıxış edənlər – Rayon Ağsaqqallar Şurasının sədri,
təqaüddə olan təhsil işçisi Məhərrəm Abasov, şəhid anası,
Hacıisaoba kənd ibtidai məktəbinin müəllimi Bibixanım Mirzəmmədova,
şəhid övladı, Qaradağ-Buduq kənd ümumi orta məktəbinin direktoru
Yeganə Musayeva Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.

Toplantıda təhsil sahəsində çalışan şəhid ailələrinin üzvləri və
regionun qabaqcıl müəllimləri Elm və Təhsil Nazirliyi, Xaçmaz Rayon
İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən
mükafatlandırılıb.

Tədbir geniş konsert proqramı ilə davam edib.