Dövriyyədə olan ödəniş kartlarının sayı 21 milyonu ötüb

Baş səhifə

Bakı. Trend:

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda
dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min
ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 14% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17%
artıb, kredit kartlarının sayı isə 7% azalıb.




Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin
həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili
nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə
müqayisədə 20% artıb. 2025-ci ilin avqust ayı ərzində kartlar
vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi
8,172 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız
ödənişlərin 7,153 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1,015 milyon manatı POS-terminallar, 4 milyon manatı
isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə
gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili
əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni
təşkil edib.

Bildirilib ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti
şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin
avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%,
POS-terminalların sayı 50.7% artıb.