AzMİU alimlərinin ixtirasına patent verildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032
saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorun
alınma üsulu” adlı ixtirasına “Patent və Əmtəə Nişanlarının
Ekspertizası Mərkəzi” tərəfindən müsbət qərar verilib.

Patentin müəllifləri – AzMİU-nun “Materialşünaslıq” kafedrasının
professoru, “Texnologiyaların Transferi Mərkəzinin” müdiri
professor Abbas Quvalov və həmin kafedranın dosenti Səidə
Abbasovadır.

Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaq
məqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdə
tutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklər
qazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suya
və şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşı
dayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yeni
texnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlı
inkişaf prinsiplərinə xidmət edir.




İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavə
enerji və xammal sərfinin azalmasına, nəticədə isə tikinti
şirkətlərinin daha az xərc hesabına yüksək keyfiyyətli nəticə əldə
etməsinə şərait yaradır. İxtiranın geniş tətbiq sahəsi vardır: o,
yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində,
yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğuların
yaradılmasında uğurla istifadə oluna bilər.

Bu patent AzMİU-da həyata keçirilən elm və innovasiya yönümlü
inkişaf strategiyasının parlaq nəticələrindən biridir.
Universitetin alimləri tərəfindən ərsəyə gətirilən ixtiralar
ölkənin tikinti sənayesinin modernləşdirilməsinə, yeni
texnologiyaların istehsalata tətbiqinə və elmi nailiyyətlərin
praktik dəyərə çevrilməsinə xidmət edir.

Qeyd edək ki, bu kimi uğurlar təkcə Azərbaycanın tikinti
sahəsinin inkişafına deyil, həm də beynəlxalq miqyasda ölkəmizin
elmi potensialının tanınmasına mühüm töhfə verir.