“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən
“Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci
Sammiti başa çatıb. Sammitdə iştirak etmək məqsədilə bu ölkədə
işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirin
bağlanış mərasimində iştirak edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil
olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq
kəsb edən mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini
və səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

Sammitin ev sahibi Cənubi Afrika Respublikasının Milli
Assambleyasının sədri Toko Didiza Azərbaycan parlamentinin spikeri,
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya
tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Sahibə Qafarova mərasim çərçivəsində Zimbabve Milli
Assambleyasının spikeri Yakob Mudenda, CAR Milli Assambleyasının
sədri Toko Didiza, Braziliya parlament nümayəndə heyətinin rəhbəri
Cek Roça ilə görüşüb.

Görüşlərdə P20 Sammitinin və orada müzakirə olunan məsələlərin
vacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarası
qarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.

Spiker Sahibə Qafarova bu sammitin yüksək səviyyədə təşkilinə və
Azərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı Parlament
Şəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətə
görə CAR Milli Assambleyasının sədri Toko Didizaya təşəkkürünü
bildirib.

Xatırladaq ki, spiker Sahibə Qafarova Cənubi Afrika
Respublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılış
mərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşı
dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda
müzakirələrdə çıxış edib.