Qeyri-xammal sektoru və Orta Dəhliz Azərbaycanın ÜDM artımının əsas hərəkətverici qüvvələri olacaq – Fitch

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın real ÜDM-i
2026-cı ildə 2,5 faiz artacağını gözləyir. Bu artım əsasən
iqtisadiyyatın qeyri-xammal sahəsinin inkişafı və genişmiqyaslı
dövlət investisiyaları hesabına təmin olunacaq.

Bu barədə Trend
“Fitch Rating”in “Sovereigns and Supranationals” bölməsinin
direktoru Arvind Ramakşrinan danışıb.

Onun sözlərinə görə, Fitch 2026-cı ildə real ÜDM artımını 2,5
faiz səviyyəsində proqnozlaşdırır ki, bu da Azərbaycanın orta
müddətli artım potensialına yaxındır. Artım ilk növbədə
qeyri-xammal sektorunun inkişafı və dövlət investisiyaları hesabına
baş verəcək. Bu zaman neft hasilatının azalmağa davam etməsinə
baxmayaraq, təbii qaz istehsalı dəstəkləyici rol oynayacaq.




“İnformasiya-kommunikasiya texnologiyaları və nəqliyyat
sektorunda yaxşı artım perspektivləri var. Nəqliyyat sahəsində əsas
dəstək amilləri genişmiqyaslı dövlət investisiyaları və Orta Dəhliz
çərçivəsində tranzit əməliyyatlarıdır. Son illərdə qeyri-xammal
sektorunun artımı həmçinin Qarabağda bərpa işləri hesabına
əhəmiyyətli təkan alıb. Lakin kapital xərcləri pik həddə çatdıqca,
onların artıma təsiri azalacaq”,- deyə A. Ramakrişnan
vurğulayıb.

O qeyd edib ki, “Fitch”in gözləntilərinə görə, 2026-cı ildə
konsolidasiya olunmuş büdcədə ÜDM-in 0,3 faizi həcmində profisit
olacaq(2024-cü ildə: 3,6 faiz), 2027-ci ildə isə o kiçik kəsirlə
əvəzlənəcək.

“Azərbaycan “BBB-” səviyyəsində sabit proqnozla investisiya
reytinqini qoruyub saxlayır ki, bu da suverenin davamlı xarici
balansı və dövlət borcunun aşağı səviyyəsi ilə təmin olunur. Bundan
əlavə, Azərbaycanın dövlət maliyyəsi Dövlət Neft Fondunun (SOFAZ)
və dövlət depozitlərinin əhəmiyyətli aktivləri hesabına
maliyyələşmə çevikliyi və ödəmə qabiliyyəti ilə dəstəklənir”, –
deyə A. Ramakrişnan əlavə edib.