“SOCAR Midstream Gas Operations” “IPLOCA Keyfiyyət Mükafatı”nın təqdimetmə mərasimində təmsil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Boru Kəmərləri və Dəniz Podratçıları Assosiasiyasının
(IPLOCA) müxbir üzvü və SOCAR-ın törəmə şirkəti olan “SOCAR
Midstream Gas Operations” (SOCAR MGO) İzmir şəhərində keçirilən
“IPLOCA”nın 57-ci İllik Konvensiyası çərçivəsində təşkil olunmuş
“IPLOCA Keyfiyyət Mükafat”ının təqdimetmə mərasimində təmsil
olunub.

Trend xəbər verir ki,
mərasimdə iştirak edən “SOCAR MGO”nun icraçı direktoru Polad
Rüstəmov “IPLOCA Keyfiyyət Mükafatı”nı təqdim edib.

Qeyd edək ki, 2024-cü ildən etibarən “SOCAR MGO”ya bu nüfuzlu
mükafatı sponsor qismində təqdim etmək imkanı yaradılıb. “IPLOCA
Keyfiyyət Mükafatı” boru kəməri sənayesində layihələrin dizaynı,
materialların seçilməsi və icra proseslərində keyfiyyətin
artırılması sahələrində nümunəvi nailiyyətlərə görə təqdim
olunur.




Bu il “IPLOCA Keyfiyyət Mükafatı”nın qalibi “Consolidated
Contractors Company” (CCC) olub. Digər namizədlər “Bonatti” və
SICIM şirkətləri isə “Runners-up” statusu ilə
fərqləndiriliblər.

Mənfəət məqsədi daşımayan beynəlxalq təşkilat olan “IPLOCA”
dünyanın aparıcı “onshore” və “offshore” podratçı şirkətlərini,
eləcə də əsas subpodratçılarını bir araya gətirərək təcrübə
mübadiləsinə, innovasiyaların təşviqinə, həmçinin sağlamlıq,
təhlükəsizlik, ətraf mühit və keyfiyyət üzrə ən yüksək
standartların müəyyənləşdirilməsinə dəstək verir.

“SOCAR Midstream Gas Operations” beynəlxalq neft-qaz sektorunda
əməkdaşlığın və innovasiyanın inkişafına töhfə verməkdən qürur
duyur. “Keyfiyyət Mükafatı”na sponsorluq isə SOCAR-ın boru kəməri
sənayesində keyfiyyət standartlarının və qabaqcıl təcrübələrin
təşviqinə sadiqliyini bir daha nümayiş etdirir.