Kobaxidze: “Gürcü Arzusu” seçkilərdə böyük fərqlə qalib gələcək

Baş səhifə

Sorğulara əsasən, “Gürcü Arzusu” yerli seçkilərdə 64 bələdiyyənin hamısında böyük fərqlə qalib gələcək.

APA-nın yerli bürosu xəbəri verir ki, bunu partiyanın sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müxalifət partiyaları məğlubiyyətlərini etiraf etmək istəmədikləri üçün sifarişləri əsasında aparılan seçkiqabağı sorğuların nəticələrini açıqlamır.

“Partiyamızın nəticəsi ölkə üzrə 60 faizdən yüksək olacaq. Tbilisidə isə bizim nəticəmiz təqribən 55 faiz təşkil edir. Kaxa Kaladzenin reytinqi isə 65 faizi üstələyir”, – Kobaxidze vurğulayıb.

Baş nazir həmçinin seçki günü ölkədə təxribatlara cəhdlərlə bağlı radikal qüvvələrə xəbərdarlıq edib. O qeyd edib ki, aksiyalar dinc şəraitdə keçirilməlidir, qanun pozuntusuna yol veriləcəyi halda dərhal sərt cavab veriləcək.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 4-də bələdiyyə seçkiləri keçiriləcək. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti səsvermə günündə ölkədə təxribatların planlaşdırıldığını bildirib.