
Bakı.Trend:
Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkəti ödəniş
üsulu kart olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə
ləğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlər
görməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən,
şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir.
İddialara görə, kart ödənişli sifarişləri qəbul etdikdən sonra
onları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə
yazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və
platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında
birdən-birə mənfi məbləğ yaranıb.
Məsələ ilə bağlı “Bolt” taksi şirkətindən Trend-ə bildirilib ki,
sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi
qəbulolunmazdır.
Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə
şikayət etməsi xahiş olunur: “”Bolt”un dəstək xidməti məsələni
araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur
və lazımi tədbirlər görülür”.
Qeyd edilib ki, hazırda sürücülərin bank kart sifarişlərini rədd
etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur
“Sürücülər “Bolt” platforması üzərindən qazandıqları vəsaiti
gündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücü
tərəfindən bank kart sifarişlərin rəddi kimi hal baş verdikdə və
araşdırma nəticəsində təsdiqləndikdə, “Bolt”un şərtlər və
qaydalarına uyğun olaraq, belə hallarda hər bir imtinaya görə 50
AZN-ə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntu
təkrarlanarsa, sürücünün “Bolt” xidmətlərindən istifadə hüququnun
məhdudlaşdırılması da (bloklanma) mümkündür”, – qurumdan əlavə
olunub.

