
Biləsuvar. Trend:
445 meqavat gücündə Biləsuvar Günəş Eektrik Stansiyasının (GES)
ilk panelinin quraşdırılması layihə üçün çox mühüm bir
mərhələdir.
Trend-in
Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu “Masdar”
şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli Biləsuvar
Günəş Eektrik Stansiyasında (GES) birinci panelin quraşdırılması
mərasimində bildirib.
“Biz “Masdar” olaraq tərəfdaşımız “SOCAR Green” ilə birlikdə bu
ilk panelin quraşdırılmasından böyük qürur duyuruq. Çünki bu,
Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox
əhəmiyyətli bir nailiyyətdir”, – o qeyd edib.
“Masdar” rəsmisi Biləsuvar GES layihəsinin reallaşmasında
dəstəyi olan qurumlara təşəkkürünü ifadə edib:
“Fürsətdən istifadə edərək Azərbaycan hökumətinə, Energetika
Nazirliyinə, həmçinin “Azərenerji”yə bizə verdikləri dəstəyə və
əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Onların dəstəyi ilə
Azərbaycan üçün çox mühüm və unikal bir layihəni
reallaşdırırıq”.
Əbdüləziz Alobaidli sözügedən layihənin təmsil etdiyi şirkətin
Azərbaycandakı ilk layihəsi olmadığını xatırladıb və bildirib ki, “Masdar” artıq Qaradağda da bir layihəni uğurla həyata keçirib və
həmin stansiya iki ildir ki, fəaliyyət göstərir:
“Biləsuvar GES isə bizim ikinci layihəmizdir. Bundan əlavə,
yaxın illərdə icra edəcəyimiz daha iki layihə üzrə də müqavilə
imzalamışıq”.

