
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın neft tədarükündə
pozuntu yaratmaq üçün dənizdə Rusiyanın kölgə donanmasına aid
tankerləri saxlamağı təklif edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Siz bu yolla onların biznes modelini məhv edirsiniz. Gəmiləri
bir neçə gün və ya həftə gecikdirərək, tədarükü başqa şəkildə
təşkil etməyə məcbur edirsiniz ki, bu da biznes modelinin
effektivliyini azaldır, ona görə də bunu vacib sayıram. Çünki bu
model 2022-ci ildən əvvəl hazırlanmışdı, amma indi o, tamamilə
sənayeləşib. Mən isə “istəklilər koalisiyası” çərçivəsində NATO ilə
sıx əməkdaşlıq edərək bu birgə fəaliyyətləri necə optimallaşdırmaq
barədə işləməyi təklif edirəm”, – deyə Makron Kopenhagendə
keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısının açılışında
bildirib.
Onun çıxışını Avropa Komissiyasının mətbuat xidməti
yayımlayıb.
Makron nümunə olaraq Fransanın öz sahillərində Rusiya limanından
Hindistana gedən tankerə məhdudiyyət tətbiq etməsini göstərib. Onun
sözlərinə görə, bu cür tədbirlər ölkə sahillərində “kölgə
donanması”nın mövcudluğunu yoxlamağa, həmçinin gəmilərin beynəlxalq
qaydalara uyğunluğunu müəyyənləşdirməyə imkan verir.

