
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “New
Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika
biznes-forumu çərçivəsində “Avrasiya məkanında dəmiryol
infrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirak
edib.
Trend “Azərbaycan Dəmir
Yolları” QSC-yə istinadən xəbər verir ki, Müzakirələrdə Orta
Dəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnoloji
modernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzular
müzakirə olunub.
ADY sədri bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu
Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti
olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ və
Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq
ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.
ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9
ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o
cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu
rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar)
əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.
Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə
regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini
diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə
logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və
rəqabətqabiliyyətini artırdığını bildirib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan
və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən
Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan
qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.
Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün
infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin
yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə
də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın
gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam
etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet
istiqamətlər kimi müəyyən edilib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində, həmçinin 28-ci
Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçirilir.
Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin,
Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətlər
iştirak edir. ADY sərgidə ayrıca stendlə təmsil olunur.

