
Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin
Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid
Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə
məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahid ifadə
verib.
Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib
ki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon Hərbi
Komissarlığında tibbi komissiyanın üzvüdür:
“Maya Qocayeva və Taleh Rüstəmov qonşumdur. Oğulları Fuad
Rüstəmov imtahandan kəsilmişdi. Növbəti dəfə imtahan vermək üçün
ona hərbi xidmətdən möhlət lazım idi. Mənə dedilər. Mən də Ramin
Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağında
probleminin olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini mənə
tapşırdı. Bir-iki gün sonra Maya xanım məndən işlə maraqlanmağımı
istədi. Mən Ramindən məlumat istədim və dedim ki, ailənin vəziyyəti
yaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Mən Maya
xanımdan məhəllədən pulu götürdüm və komissarlığa getdim. Ramin
dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərin
arasına qoyub otağa təhvil verdim. Dediyi kimi də etdim. Xalidin
bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik”
kimi vermişik”.
Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyə
yalan ifadə verir:
“ Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir.
Lakin həmin prosesdə həkimin çağırışçının səhhətində şübhələndiyi
hallarda hansı hərəkətləri edəcəyini bilmir”.
Məhkəmə şahidin ibtidai istintaqa verdiyi ifadəni elan edib.
Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin
Şükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyini
deyib. Lakin mən ailə vəziyyətinin aşağı olduğunu deyəndə 4 min
manata razılaşdıq. Mən pulu götürüb komissarlığa getdim. Ramin mənə
pulu Xalid Əzimova verməyimi istədi. Mən pulu verdim. Xalid məndən
pulu alandan sonra onları saydı”.
Şahidin ifadələri arasında ziddiyyət olub. Şahid məhkəməyə
verdiyi ifadəni təsdiq edib.
Ülfət Məmmədov bildirib ki, 6 min, 8 min söhbəti ümumi danışıq
əsnasında olub:
“Biz ümumi söhbətlər edirdik. Rusiya-Ukrayna müharibəsi, hərbi
xidmətdən yayınma və başqa söhbətlər. Mən pulu Xalidə verdim, amma
onun saydığını ehtimal edib demişəm”.
Şahid bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün belə
ifadə verib.
“İstintaq orqanına çağırıldım, amma səbəbi bilmirdim. Yolda
fikirləşdim ki, kimsə dişinin ağrısına dözməyib, əsəbiləşib,
Prezidentə, daxili işlər naziri Vilayət Eyvazova şikayət edib. İndi
də həyacanlıyam. İlk dəfədir məhkəmədə ifadə verirəm”.
Məhkəmə 15 oktyabrda davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət
Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və
312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz
alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid
Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri
ittiham irəli sürülüb.
Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin
qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı
qətimkan tədbiri seçilib.
Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına
buraxılıb
Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə
əlavə qətimkan tədbiri seçilib.

