COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”
Azərbaycanın iqlim və davamlılıq təşəbbüslərinə dəstək məqsədilə
dayanıqlı maliyyələşmə və ekoloji layihələrə investisiyalar
istiqamətində fəaliyyətini gücləndirdiyini bəyan edib.

30 sentyabr – 3 oktyabr tarixlərində keçirilən Bakı İqlim
Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində təşkil olunan panel
müzakirələrində Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev
çıxış edərək COP29-un Azərbaycanın maliyyə sektoruna təsirlərini və
dayanıqlılıq istiqamətində bankların rolunu vurğulayıb.

Nağıyev çıxışında qeyd edib:

“COP29-dan sonra “PAŞA Bank” olaraq Azərbaycanın yaşıl keçidinə
töhfə vermək üçün portfelimizi ekoloji və sosial meyarlara
uyğunlaşdırır, dayanıqlı maliyyələşmə layihələrini dəstəkləyir və
KOB-ların yaşıl keçidə cəlb olunmasına önəm veririk. İnanırıq ki,
real təsir yalnız bütün maliyyə sektoru tərəfindən dayanıqlılıq
prioritet kimi qəbul edildikdə mümkün ola bilər.”




“PAŞA Bank” İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev əlavə
edib ki, COP29 prosesi maliyyə sektorunda güclü dinamika yaradıb və
bankların yalnız iqtisadi mənfəət gətirən deyil, həm də ekoloji və
sosial baxımdan məsuliyyətli layihələri maliyyələşdirməsi
gözlənilir. O, həmçinin yaşıl maliyyə bazarının inkişafı üçün
qanunvericilik çərçivəsinin təkmilləşdirilməsinin və beynəlxalq
tərəfdaşlıqların gücləndirilməsinin vacibliyini qeyd edib.

BCAW2025 müxtəlif sahələrdə – siyasət, enerji, elm, maliyyə,
gənclər sahibkarlığı, təhsil, moda, idman, mədəniyyət və digər
istiqamətlərdə iqlim mövzusunda qlobal dialoqa şərait yaradır.
Tədbir dünya liderlərini, mütəxəssisləri, sərmayəçiləri,
sahibkarları, gəncləri və icmaları bir araya gətirir.

“PAŞA Bank” 2023-cü ildə BMT Qlobal Sazişinə qoşulub. Bankın
“2024–2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM)
strategiyası” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə
hazırlanıb. Strateji dövr ərzində “iqlim dəyişikliyinə qarşı
mübarizə” Bankın əsas fəaliyyət istiqamətlərindən biri kimi
müəyyənləşdirilib.