
Bakı. Trend:
Kənd təsərrüfatında iqlim dəyişikliklərinə adaptasiya məsələləri
prioritet hesab olunur, çünki quraqlıq və hava şəraitinin dəyişməsi
birbaşa ərzaq təhlükəsizliyinə və aqrar sektorda məşğulluq
səviyyəsinə təsir göstərir.
Trend xəbər verir
ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlhamə
Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində
jurnalistlərə verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Azərbaycan müasir suvarma üsullarını tətbiq
edir, fermerləri su itkilərini minimuma endirən və əkinçiliyin
səmərəliliyini artıran texnologiyalardan istifadə etməyə təşviq
edir. Məhsul risklərini proqnozlaşdırmağa, iqlim dəyişikliklərinə
uyğunlaşmağa və fermer təsərrüfatlarının məhsuldarlığını artırmağa
imkan verən yeni texnologiyaların o cümlədən süni intellektin
tətbiqi də az əhəmiyyətli deyil.
İ.Qədimova vurğulayıb ki, dövlət orqanları beynəlxalq
tərəfdaşlarla sıx əməkdaşlıq edir və təcrübə mübadiləsi üçün
platformalar yaradır, adaptasiya tədbirləri hazırlayır. Onun
sözlərinə görə, İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr
yalnız kənd təsərrüfatını deyil, həm də nəqliyyat və iqlim
dəyişikliyindən təsirlənən digər kritik sahələri əhatə edir.

