ABŞ hökuməti növbəti şatdaunla üz-üzə

Baş səhifə
ABŞ hökuməti növbəti şatdaunla üz-üzə qalıb

ABŞ Senatı Demokratlar tərəfindən federal hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün təqdim edilən qanun layihəsini rədd edib.

“Report” xəbər verir ki, qanun layihəsini 47 nəfər dəstəkləyib, 53-ü isə əleyhinə səs verib.

Təsdiq üçün ən azı 60 səs lazım olub. Qanun layihəsi oktyabrın 1-də hökumətin qismən bağlanmasının qarşısını almaq məqsədi daşıyıb.

Odur ki, ABŞ Konqresi yerli vaxtla bu gün gecə yarısına kimi razılığa gəlməsə, hökumət oktyabrın 1-dən növbəti şatdaunla (hökumətin fəaliyyətini dayandırması) ilə üzləşəcək.

ABŞ Prezidenti Donald Tramp əvvəllər Konqresdəki Respublikaçılar və Demokratlar oktyabrın 1-dək federal hökumətə əlavə vəsait ayırmaq üçün qanun layihəsi üzərində konsensusa gələ bilməsələr, şatdaun (hökumətin fəaliyyətini dayandırması) ehtimalını qaldırıb.

Qeyd edək ki, artıq federal idarələr də fövqəladə vəziyyət planlarını hazırlayıblar. Belə ki, hökumət bağlanarsa, yaşlı vətəndaşlara, əlillərə və digər amerikalılara sosial təminat ödənişləri kəsilməyəcək. Dövlət Departamenti pasportlar və vizalar verməyə davam edəcək. Həm ölkə daxilində, həm də xaricdə konsulluq xidmətləri açıq qalacaq.