Berkli Universitetində inkişaf və sülh mərkəzi yaradıldı – Umud Mirzəyev İdarə Heyətinə üzvləri arasında (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq
nəzəriyyəsinin banisi Lütfi Zadənin uzun illər çalışdığı və fəxri
professor olduğu Berkli Kaliforniya Universitetində Azərbaycanın
yaxın dostu, “Sülhün Kökləri” (Roots of Peace) təşkilatının
təsisçisi və rəhbəri və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı
olan xanım Haydi Kuhnün təşəbbüsü ilə “Münaqişədən sonrakı inkişaf
araşdırmaları üzrə Kühn Təşəbbüsü” mərkəzi yaradılıb.

Trend xəbər
verir ki, açılış mərasimində dünyanın nüfuzlu alimlərinin, müvafiq
sahə üzrə ekspert-mütəxəssislərin və humanitar missiya daşıyan
təşkilat liderlərinin iştirakı ilə “Kənd təsərrüfatı vasitəsilə
sülhün yetişdirilməsi və sülh iqtisadiyyatının müəyyənləşdirilməsi”
mövzusunda müzakirə təşkil olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud
Mirzəyev də tədbirin iştirakçıları arasında olub. O, yeni yaradılan
“Kühn Təşəbbüsü sülh mərkəzi”nin Xarici Müşavirlər şurasına
seçilib.

Mərkəzin təsisçisi və əsas təşəbbüskarı olan Haydi Kuhn açılış
nitqi ilə çıxış edib:

“Heç şübhəsiz, bu təşəbbüs təkcə Berkli Universiteti və bizim
üçün deyil, bütün dünya ictimaiyyəti üçün tarixi bir məqamdır. İki
onillikdən artıqdır ki, “Sülhün Kökləri” təşkilatı müharibədən
zərər çəkmiş regionlarda minalı sahələri məhsuldar ərazilərə
çevirmək üçün çalışır. Berkli Universitetinin dəstəyi ilə artıq bu
missiyanı genişləndirmək və sülhə can atan icmalar üçün praktik
həllər işləyib hazırlamaq üçün akademik mərkəzə sahibik”, – deyə
Haydi Kühn bildirib.




Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Araşdırmaları
Mərkəzinin direktoru Əsəd Əhməd də təşkilatçı tərəfdaş olaraq
fikirlərini bölüşüb:

“Bu təşəbbüs Berkli Universitetinin münaqişədən sonrakı inkişaf
sahəsində zəngin təcrübəsini və kənd təsərrüfatına yatırımları
vasitəsilə sülhü dəstəkləyən Haydi Kuhnün inamlı baxışını bir araya
gətirən mühüm platformadır. Şübhəsiz ki, bu mərkəzlə gələcəyə
yönəlmiş sülh missiyasını dəstəkləməkdən qürur duyuruq”.

“Sülhün Kökləri” təşkilatı və Berkli Universitetinin birgə
əməkdaşlığı çərçivəsində əsası qoyulan bu mərkəz münaqişələrdən
təsirlənmiş regionlarda kənd təsərrüfatı vasitəsilə sülhün bərqərar
edilməsinə həsr olunmuş yeni bir təşəbbüsü özündə birləşdirir.
Mərkəzin yaradılmasının əsas məqsədi kənd təsərrüfatı və iqtisadi
inkişafı müharibədən çıxmış ölkələrdə sabitliyə aparan yollar kimi
inkişaf etdirməkdən ibarətdir. Kühn Təşəbbüsü kənd təsərrüfatı
elmi, təbii resursların idarə olunması, iqtisadiyyat, münaqişə
araşdırmaları və beynəlxalq inkişaf kimi müxtəlif sahələrdən
mütəxəssisləri bir araya gətirəcək. Sonda müharibədən zərər çəkmiş
torpaqların bərpası və inkişafı naminə Haydi Kunün başlatdığı “Ağ
qızılgül kampaniyası” çərçivəsində birgə qlobal çağırış edilib.

Tədbirdən sonra BAMF prezidenti Umud Mirzəyev Azərbaycan
mətbuatına açıqlama verib:

“Berkli Universitetində ilk andan özümə qarşı özəl bir münasibət
hiss etdim. Hər şeydən əvvəl bu özəl yanaşma dahi həmyerlimiz,
dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi
Zadənin azərbaycanlı olmasından irəli gəlirdi. Tədbirin sonunda
onun vaxtilə işlədiyi elektrik mühəndisliyi və kompüter elmləri
fakültəsinin tədris korpusunda oldum. Korpusun həyətində gəzəndə
böyük qürur hissi keçirirdim. Onun Bakıdakı məzarının fotosunu
Universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd
Əhmədə xatirə olaraq təqdim etdikdən sonra, onu Bakıya dəvət etdim.
Professor Əsəd Əhməd də bu təklifi yüksək qiymətləndirdiyini dilə
gətirdi”.