
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik
yubiley tədbirləri çərçivəsində Almaniyanın Otto-von-Guericke
Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim
professor Holm Altenbach universitetin qonağı olub. Onun sırf elmi
seminar məqsədilə dəvət olunması AzMİU-nun elm və innovasiya
yönümlü inkişaf strategiyasının mühüm hissəsidir və universitetin
tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesini daha
da gücləndirəcəyi gözlənilir.
Professorun AzMİU-dakı ilk çıxışı “Sürünmə mexanikasının tarixi
və elmi qrupun nəticələri” mövzusuna həsr olunub. Seminar
professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirakı ilə
keçirilib. Məruzədə sürünmə mexanikasının yaranma mərhələləri, bu
sahədə aparılmış fundamental tədqiqatların nəticələri və müasir
mühəndislikdə tətbiq imkanları ətraflı izah edilib. Xüsusilə
materialların uzunmüddətli yüklənmələr altında davranışı,
konstruksiyaların möhkəmliyi və zədələnmə problemlərinin həlli
yolları barədə elmi yanaşmalar iştirakçıların diqqətinə
çatdırılıb.
Məlumat üçün bildirək ki, Holm Altenbach müasir mühəndislik
mexanikası sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri kimi
tanınır. O, 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirmiş,
1983-cü ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika
elmləri doktoru dərəcəsi almışdır. 1996–2011-ci illərdə
Halle-Vittenberqdə yerləşən Martin-Luther Universitetində
mühəndislik mexanikası üzrə professor vəzifəsində çalışmış, hazırda
isə Otto-von-Guericke Universitetində fəaliyyət göstərir.
Professor indiyədək 51 doktoranta elmi rəhbərlik edib, 300-dən
çox elmi məqalənin, yüzlərlə konfrans məqaləsi, kitab və
monoqrafiyaların müəllifi və ya həmmüəllifidir. Onun tədqiqatları
davamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazik
divarlı konstruksiyaların analizi, möhkəmlik nəzəriyyələri, sürünmə
və zədələnmə problemlərinə həsr olunub. Elmi fəaliyyətinə görə o,
Krupp (Almaniya) və Humboldt (Polşa) kimi nüfuzlu mükafatlara layiq
görülüb, həmçinin Ukrayna, Rumıniya və Gürcüstanın aparıcı
universitetləri tərəfindən fəxri doktor adına layiq görülüb.
Altenbach elmi ictimaiyyətdə redaktor və ekspert kimi də böyük
nüfuza malikdir. Hazırda “ZAMM – Journal of Applied Mathematics and
Mechanics” jurnalının baş redaktoru, “Mechanics of Composite
Materials” jurnalının assosiativ redaktoru, bir sıra nüfuzlu
beynəlxalq nəşrlərin redaksiya heyətinin üzvüdür. Bundan əlavə,
2010-cu ildən etibarən Springer nəşriyyatının “Advanced Structured
Materials” seriyasını Andreas Öchsner ilə birlikdə redaktə
edir.
Üç gün davam edəcək səfər çərçivəsində professor ikinci gün
“Qeyri-klassik lövhə konstruksiyaları” mövzusunda daha bir seminar
təqdim edəcək, sonuncu gün isə AzMİU-nun Ali Riyaziyyat, İnşaat
Konstruksiyaları və Mexanika kafedralarının əməkdaşları ilə
görüşərək elmi mövzular ətrafında fikir mübadiləsi aparacaq. Onun
universitetə gəlişi gənc tədqiqatçıların elmi potensialını
artırmaq, beynəlxalq əməkdaşlıqları dərinləşdirmək və AzMİU-nun
tədqiqat yönümlü universitet statusunu daha da möhkəmləndirmək
baxımından xüsusi əhəmiyyət daşıyır.

